Azərbaycanda məktəblər adambaşına maliyyələşməyə keçir - Nazirlikdən RƏSMİ AÇIQLAMA

 12:13 17.11.2026     116

“Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsi nəzərdə tutulub”.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövrün sonunadək 100 ümumi təhsil müəssisəsində adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsi əsas hədəf kimi müyyən edilib: "Bununla yanaşı, "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2026-cı il tarixli Fərmanına əsasən, dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi 2026-2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək. Yeni yanaşmanın əsas məqsədi ayrılan dövlət vəsaiti ilə məktəbdə yaradılan təhsil imkanları arasında məqsədyönlü əlaqə qurmaq və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu yanaşmada maliyyələşmənin mərkəzində şagird və onun təhsil ehtiyacları dayanır".

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin seçimi ilə bağlı müvafiq prosedurlar yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Məlumatda bu da qeyd edilib ki, rasionallaşdırma (optimallaşdırma) tədbirləri yaşayış məntəqələrində əhalinin, xüsusilə məktəbyaşlı uşaqların sayının uzunmüddətli azalması nəticəsində şagird kontingentinin kəskin şəkildə aşağı düşdüyü hallarda, mövcud infrastruktur qəzalı və istifadəyə yararsız olduqda, alternativ təhsil imkanları nəzərə alınmaqla fərdi qaydada qəbul edilən qərar əsasında həyata keçirilir:

“Bu zaman şagirdlərin daha keyfiyyətli təhsil və sosial fəaliyyət imkanlarına çıxışı yaxınlıqdakı məktəblərdə təmin edilir, onların digər təhsil müəssisələrinə təhlükəsiz çıxışı, zəruri hallarda isə daşınması təşkil olunur, pedaqoji və texniki heyət qanunvericiliyin tələbləri nəzərə alınmaqla ümumi təhsil müəssisələrində işlə təmin edilir. Gələcəkdə həmin yaşayış məntəqəsində şagird sayı tədrisin səmərəli təşkili üçün zəruri səviyyəyə çatdıqda məktəbin fəaliyyətinin bərpası məsələsinə yenidən baxılır”.

Vumart və Güvən reklamı Vumart Güvən