"Rus bölmələrinə ayrılan vəsait Azərbaycan bölməsinə yönəldilməlidir" - İlqar Orucov

 18:46 17.11.2026     32

"Azərbaycanda rus bölməsində təhsilin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi məsələsi təkcə pedaqoji deyil, həm də büdcə səmərəliliyi, sosial ədalət və dil siyasəti müstəvisində ciddi müzakirə tələb edən mövzudur. Mövcud statistik reallıqları və dövlət vəsaitinin həcmini nəzərə aldıqda, bu sahədə maliyyələşmə mexanizmlərinə yenidən baxılmasına obyektiv ehtiyac yarandığı aydın görünür".

Bunu Redaktor.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi. O əlavə etdi ki, maliyyə-iqtisadi baxımdan yanaşdıqda, dövlət büdcəsi ilk növbədə ölkənin strateji prioritetlərinə və ümummilli maraqlarına xidmət etməlidir:

"Hazırda ölkə üzrə 157 minə yaxın şagirdin rus bölməsində təhsil alması dövlət büdcəsi üçün yüz milyonlarla manatlıq illik maliyyə yükü deməkdir. Dünyanın qabaqcıl təhsil sistemlərində dövlət yalnız rəsmi dövlət dilində təhsili tam həcmdə maliyyələşdirir, digər xarici dillərdə tədris isə ya özəl sektorun, ya da valideynlərin ödənişli sifarişi hesabına həyata keçirilir".

İlqar Orucovun fikrincə, digər xarici dillərdən (ingilis, alman, fransız) fərqli olaraq, yalnız rus dilinin dövlət hesabına kütləvi şəkildə maliyyələşdirilməsi təhsil sistemində qeyri-bərabərlik yaradır:

"Ona görə də rus bölmələrinin dövlət büdcəsindən tam maliyyələşdirilməsi siyasətinə mərhələli şəkildə yenidən baxılmalı, bu tədris forması tədricən özünü maliyyələşdirən və ya ödənişli əsaslara keçirilməli, azad olunan büdcə vəsaitləri isə bilavasitə Azərbaycan bölməsinin maddi-texniki bazasının və tədris keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir".

Müsahibimiz rus bölməsində təhsilin milli kimlik və dövlət dilinin qorunması baxımından yaratdığı risklərə və üstünlüklərə də münasibət bildirdi:

"Burada müəyyən üstünlüklər kimi vətəndaşların rusdilli elmi-mədəni informasiya məkanına çıxış imkanlarının genişliyini və regional kommunikasiya çevikliyini qeyd etmək olar. Lakin bu üstünlüklər fonunda yaranan strateji risklər daha dərindir. Hər şeydən əvvəl, təhsil aldığı dildə düşünən və dünyagörüşü formalaşan gənc nəslin bir qismində dövlət dilinə olan tələbat zəifləyir, ana dilində akademik və peşəkar ünsiyyət qurmaq vərdişləri məhdudlaşır. Bu isə uzunmüddətli perspektivdə cəmiyyət daxilində dil və düşüncə parçalanmasına, milli-mədəni dəyərlərin ötürülməsində müəyyən qopuqluğa yol aça bilər".

İ.Orucov dövlət dilinin cəmiyyətin bütün sferalarında üstün mövqeyini qorumaq üçün təhsilin əsas yükünün Azərbaycan dilinin üzərinə düşməli olduğunu vurğuladı:

"Hesab edirəm ki, çıxış yolu hansısa bölməni inzibati qaydada bağlamaq deyil, maliyyələşmə fəlsəfəsini dəyişmək və Azərbaycan bölməsində xarici dillərin tədrisini köklü şəkildə gücləndirməkdir. Dövlət büdcəsi yalnız dövlət dilində keyfiyyətli təhsilin təminatçısı olmalı, eyni zamanda Azərbaycan bölməsində oxuyan şagirdlərə həm ingilis, həm də rus dillərini sərbəst ünsiyyət səviyyəsində öyrənmək imkanı yaradılmalıdır. Belə olduğu halda həm dövlət vəsaiti daha səmərəli xərclənər, həm də milli kimliyin və dövlət dilinin təhlükəsizliyi tam təmin olunar".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən