Məktəblərdə rus bölmələri bağlanmalıdırmı? - Deputatdan AÇIQLAMA

 18:24 17.11.2026     48

Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi məsələsi yenidən müzakirələrə səbəb olub. Milli Məclisin deputatı Hikmət Babaoğlu 157 min şagirdin rus dilində təhsil aldığını xatırladaraq, bu bölmənin dövlət büdcəsindən maliyyələşdirilməsinin əsaslarını sual altına alıb.

Bəs rus bölməsində təhsil alan şagirdlərin sayının və bu istiqamətə ayrılan dövlət vəsaitinin həcminin nəzərə alınması ilə rus bölməsində təhsilin maliyyələşdirilməsi siyasətinə yenidən baxılmalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu məsələyə yenidən baxılmalıdır:

"Azərbaycanda milli dövlət dili Azərbaycan dilidir və konkret olaraq hər hansı xarici ölkənin dilində fəaliyyət göstərən məktəbin açılması Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Bununla yanaşı, belə məktəblər özəl təhsil müəssisəsi formatında, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərə bilər. İngilisdilli, rusdilli və digər xarici dillərdə təhsil verən məktəblərin mövcudluğu mümkündür. Burada söhbət hansısa dilə qarşı münasibətdən deyil, bütövlükdə dövlət siyasətinə aid məsələlərdən gedir".

Deputat hesab edir ki, məsələyə yenidən baxarkən vətəndaşların maraqlarını da nəzərə almalıyıq:

"Çünki bəzi insanlar, bəlkə də, müəyyən mənada dəb naminə övladlarını daha çox bu məktəblərə yönləndiriblər. Digərlərinin isə haqlı səbəbləri var. Belə ki, Azərbaycan məktəblərində təhsilin səviyyəsi onları müəyyən mənada qane etmədiyindən övladlarını bu cür məktəblərə göndərməyə üstünlük verirlər. Lakin indiki vəziyyətdə bu məktəblərin özləri də effektiv təhsil müəssisələri kimi qəbul olunmur. Çünki rus dilində təhsil verən mütəxəssislərin sayı da kifayət qədər azdır və bu sahədə müəyyən uyğunsuzluqlar mövcuddur".

Müsahibimiz əlavə etdi ki, məsələyə daha incə yanaşmaq lazımdır:

"Çünki söhbət yüz minlərlə insanın taleyindən gedir. Həmin insanlar öz gələcəklərini məhz bu təhsil istiqaməti üzərində qurublar. Onları hansısa formada yarı yolda qoymaq olmaz. Bu prosesi tədricən həyata keçirmək, mövcud siyasətə yenidən baxmaq və onun uyğun parametrlərini müəyyənləşdirmək lazımdır. Məktəbləri birbaşa bağlamaq, bu və ya digər istiqaməti tamamilə dayandırmaq kimi yanaşma yanlış olardı. Çünki burada həm on minlərlə Azərbaycan vətəndaşının taleyi, həm də valideynlərin müəyyən mənada ümidləri var. Biz elə etməliyik ki, bu məsələ Azərbaycan dilində təhsilin payının və keyfiyyətinin daha da gücləndirilməsi yolu ilə tədricən həllini tapsın".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən