“Dövlətin pulu ilə hansı vətəndaşı yetişdiririk?” – Rus bölməsi ilə bağlı sərt AÇIQLAMA
"Məsələ rus dilinə münasibətdə deyil, dövlətin pulu ilə hansı vətəndaşı yetişdirdiyimizdədir. Dil bilmək zənginlikdir, bu barədə mübahisə ola bilməz. Amma dövlət büdcəsi hesabına təhsilin əsas dilinin dövlət dili olmaması artıq ciddi sualdır. Ona görə də maliyyələşdirmə siyasətinə yenidən baxılmasına ehtiyac var. Lakin bu, qərar qəbul edib bağlamaqla deyil, mərhələli, düşünülmüş və uşaqları incitməyən bir islahatla olmalıdır".
Bu barədə Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva millət vəkili Hikmət Babaoğlunun Azərbaycanda rus bölməsində təhsilin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi ilə bağlı çıxışına münasibət bildirərkən dedi.
"Bu məsələdə rəqəmlər özü danışır. Bu gün hər on şagirddən biri rus bölməsində oxuyur və dövlət bunun üçün ildə təxminən 314 milyon manat xərcləyir. Diqqət çəkən odur ki, bu say azalmır, əksinə artır. Cəmi beş il ərzində rus bölməsinin şagirdləri 90 mindən 160 minə qədər çoxalıb. Yəni söhbət sovetdən qalan və öz-özünə sönən bir ənənədən getmir, əksinə canlanan bir tələbatdan gedir. Bu bölmədə oxuyanların xeyli hissəsinin isə azərbaycanlı ailələrin övladları olduğu sirr deyil", - o vurğuladı.
Sona Əliyeva rus bölməsində təhsilin milli kimliyə təsirlərinə də diqqət çəkdi:
"Psixologiya çoxdan sübut edib ki, insan dünyanı ilk növbədə təhsil aldığı dildə dərk edir. Öz tarixini, ədəbiyyatını, dövlətinin dəyərlərini başqa dildə öyrənən uşaq bu dövlətə bağlı ola bilər, amma ana dilində düşünməkdə, yazmaqda çətinlik çəkir. Valideynlərin özləri danışır: rusdilli bağçaya gedən uşaq Azərbaycan dilini unudur. Rus bölməsində Azərbaycan dilinin tədrisi isə müəllim çatışmazlığı üzündən çox vaxt zəif qalır. Bu, bir cəmiyyət daxilində iki fərqli məlumat və mədəniyyət mühitində böyüyən nəsil deməkdir. Bundan əlavə, rus dili Rusiyanın informasiya məkanına açılan ən geniş qapıdır. Son illərin informasiya hücumları fonunda bu məsələni nəzərə almamaq sadəlövhlük olardı. Bununla belə, bu bölmənin üstünlüklərini də görməmək olmaz. Ölkəmizdə rus dilini ana dili sayan vətəndaşlarımız, azsaylı xalqların nümayəndələri yaşayır və onların hüquqları qorunmalıdır".
Əməkdar müəllim rus bölməsinin valideynlər üçün cəlbedici olmasının səbəblərindən, eləcə də bu təhsil modelinin qəfil dəyişdirilməsinin mümkün nəticələrindən danışdı:
"Rus dili hələ də regionda, əmək bazarında və bəzi ali təhsil imkanlarında üstünlük verir. Valideynlərin bu seçimi də məhz bu praqmatik hesabdan qaynaqlanır. Qəfil qərar isə 157 min uşağın təhsilini yarımçıq qoyar, minlərlə müəllimi işsiz qoyar, ən əsası da rus bölməsini yalnız varlı ailələrin seçə biləcəyi ödənişli imtiyaza çevirər. Dünya təcrübəsi də göstərir ki, bu məsələnin tək bir doğru cavabı yoxdur. Latviya bütün məktəbləri mərhələli şəkildə dövlət dilinə keçirdi. Gürcüstan isə azsaylı xalqlar üçün dövlət hesabına ana dilində təhsili saxlayır, amma dövlət dilinin öyrənilməsini gücləndirir. Ortaq məntiq isə eynidir: dövlət dili hər bir vətəndaşın ortaq dili olmalıdır".
Sona Əliyevanın fikrincə, rus bölməsinin maliyyələşdirilməsi siyasətində ən ağlabatan yol sistemi mərhələli şəkildə yenidən qurmaqdır:
"Rus bölməsində Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinin keyfiyyəti və həcmi kəskin artırılmalıdır. Bu fənlər üzrə tələblər Azərbaycan bölməsi ilə eyni olmalıdır. Yeni birinci siniflərə qəbul mərhələli şəkildə məhdudlaşdırıla, rus dili isə tədris dili kimi deyil, dərinləşdirilmiş xarici dil kimi bütün məktəblərdə keyfiyyətlə öyrədilə bilər. Belə olan təqdirdə uşaq rus dilini də mükəmməl bilər, amma düşüncəsinin dili Azərbaycan dili olar.
Bir sözlə, sual rus dilini sevib-sevməmək deyil. Sual ondan ibarətdir ki, dövlət məktəbində yetişən uşaq hansı dildə düşünəcək, hansı dildə vətənini sevəcək. Deməli, dövlətin vəsaiti ilə təhsil alan hər bir uşağın düşüncəsinin dili Azərbaycan dili olmalıdır. Bu, heç kimə qarşı deyil, öz kimliyimizin xeyrinədir".
Xədicə BAXIŞLI













