“Təhsil müəssisələri radikal qüvvələrin təsirindən tam qorunmalıdır” - Millət vəkili

 19:01 17.11.2026     78

Milli Məclisin deputatı Afət Həsənova parlamentin plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Redaktor.az xəbər verir ki, deputat çıxışında 2027-ci il dövlət büdcəsinin ölkənin davamlı inkişaf strategiyasının, sosial-iqtisadi tərəqqisinin və uzaqgörən siyasətinin göstəricisi olduğunu bildirib.

O qeyd edib ki, təqdim olunan büdcə layihəsinə əsasən, 2027-ci ildə büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır:

"Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi zərfi ölkəmizin davamlı inkişaf strategiyasının, sosial-iqtisadi tərəqqisinin və uzaqgörən siyasətinin bariz göstəricisidir. Təqdim olunan büdcə layihəsi göstərir ki, 2027-ci ildə büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır ki, bu da həm gəlir, həm də xərclər üzrə 1,7%-lik artım deməkdir.

Dövlət siyasətinin mərkəzində məhz insan kapitalının inkişafı və təhsil sahəsinin modernləşdirilməsi dayanır. Xərclərin 18,7 milyard manatının və ya 44,2%-nin sosial yönümlü olması yuxarıda qeyd olunanı, eləcə də dövlətin sosial siyasətinin növbəti ildə daha da güclənəcəyini təsdiq edir. Qeyd edim ki, bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2% çoxdur. Təhsil xərclərinin hər zaman diqqətdə saxlanılması və milli təhlükəsizlik xərcləri ilə yanaşı ölkəmizin strateji gələcəyini təmin etməsi dövlət rəhbərliyinin bu sahəyə verdiyi yüksək diqqətin əyani sübutudur".

Millət vəkili büdcənin digər əsas göstəricilərinə də diqqət çəkib. O, icmal büdcənin gəlir və xərcləri, həmçinin qeyri-neft-qaz gəlirlərinin büdcə dayanıqlığının təmin edilməsindəki rolundan danışıb:

"Büdcənin parametrlərindən də göründüyü kimi, növbəti ildə icmal gəlirlər 47,6 milyard manata çatacaq ki, bu da cari illə müqayisədə 2,6 milyard manat və ya 5,9% çoxdur. Dövlət büdcəsinin gəlirləri isə cari illə müqayisədə 645 milyon manat artımla proqnozlaşdırılmışdır. Eyni zamanda, icmal büdcənin xərcləri 50,4 milyard manat, dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat təşkil edəcək.

Büdcənin dayanıqlığının təmin edilməsi, büdcə qaydalarına tam riayət olunması, cari xərclərin 90,1%-nin məhz qeyri-neft-qaz gəlirləri hesabına qarşılanması və Neft Fondundan transfertlərin azaldılması ölkə iqtisadiyyatında baş verən keyfiyyət dəyişikliklərini açıq şəkildə göstərir".

Afət Həsənova çıxışında təhsil sahəsində həyata keçirilən islahatlara, müəllimlərin əməkhaqqı sistemindəki yeniliklərə və təhsilin dünyəvi xarakterinin qorunmasının vacibliyinə də toxunub:

"Əlbəttə ki, möhkəm iqtisadi təməl üzərində təhsil sistemində həyata keçirilən köklü və müsbətyönlü islahatlar, o cümlədən sertifikatlaşdırmada uğur qazanan müəllimlərin differensial əməkhaqqı sisteminə cəlb olunması, bununla da cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq onların vəzifə maaşlarına əlavələrin nəzərdə tutulması tədrisin keyfiyyətinin artırılmasına, idarəetmənin təkmilləşdirilməsinə və müasir standartlara cavab verən təhsil mühitinin formalaşdırılmasına da öz töhfəsini verir.

Fikrimcə, bu sahədə ən vacib məqamlardan biri də Azərbaycan təhsilinin dünyəvi xarakterinin qətiyyətlə qorunmasıdır. Təhsil müəssisələrinin kənar və radikal qüvvələrin təsirindən tam mühafizə olunması, gənc nəslin elmi dünyagörüşü, milli-mənəvi dəyərlər və müasir biliklər əsasında yetişdirilməsi dövlətimizin əsas prioritetlərindəndir".

Deputat ölkə üzrə yeni məktəb binalarının tikintisi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, eləcə də işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun qurulması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb:

"Eyni zamanda, ölkə üzrə yeni məktəb binalarının tikintisi və mövcud təhsil ocaqlarının əsaslı təmiri şagird və tələbələrin rahat, təhlükəsiz və komfortlu şəraitdə təhsil almasına geniş imkanlar yaratmışdır. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işləri çərçivəsində müasir orta məktəblərin və Qarabağ Universiteti kimi ali təhsil ocaqlarının inşası "Böyük Qayıdış" proqramının uğurla icrasını və həmin torpaqlarda elmi-intellektual mühitin yenidən dirçəlişini təmin edir. Həmçinin təhsilin hər kəs üçün əlçatanlığının təmin edilməsi regionlarla paytaxt arasındakı tədris keyfiyyəti fərqini aradan qaldırır ki, bu da təqdirəlayiq haldır".

Afət Həsənova təmsil etdiyi Suraxanı rayonunda peşə təhsilinin inkişafı ilə bağlı irəli sürdüyü təklifdən də bəhs edib. O, yeni peşə məktəbinin təşkilinin gənclərin məşğulluğuna töhfə verəcəyini bildirib:

"Yeri gəlmişkən, qeyd edim ki, təmsil etdiyim Suraxanı rayonunda da əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məqsədilə irəli sürdüyüm təklif əsasında yeni peşə məktəbinin təşkili dövlətin bu sahəyə verdiyi dəstəyin bariz nümunələrindən biridir. Bu kimi layihələr gənclərimizin məşğulluğunun təmin olunmasına birbaşa töhfə verir".

Deputat çıxışının sonunda Ümummilli Lider Heydər Əliyevin təhsillə bağlı fikirlərini xatırladıb və 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib:

"Çıxışımı ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə tamamlamaq istəyirəm: "Təhsil millətin gələcəyidir".

Bütün bunları nəzərə alaraq, təqdim olunan büdcə layihəsini dəstəkləyir və hörmətli həmkarlarımı bu sənədin lehinə səs verməyə çağırıram".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən