Azərbaycanda bəzi universitetlər elmi tədqiqat imkanlarını itirə bilər – Ekspertdən XƏBƏRDARLIQ

 12:09 18.11.2026     38

Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyinin təklifləri əsasında ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Nazirlər Kabineti tərəfindən beş il müddətinə verilir.

Bu qərarın məqsədi nədir və universitetlərə hansı imkanları yaradacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan “Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, tədqiqat universiteti statusu beş il müddətinə verilir və bunun üçün bir sıra şərtlər müəyyənləşdirilib:

"Düşünürəm ki, hər universitet bu statusu ala bilməyəcək. Belə ki, məqalələrin sayı, indeksləşmə, istinadlar, eləcə də universitetin akademik heyətinin elmi ad və dərəcələrə malik olan üzvlərinin faiz göstəriciləri ilə bağlı konkret tələblər var. Bu hədləri mütləq şəkildə keçmək lazımdır. Bununla yanaşı, xaricdən qrantların alınması və universitetin öz vəsaitinin ən azı 10 faizinin elmi tədqiqatlara yönəldilməsi kimi şərtlər də mövcuddur".

Müsahibimiz əlavə etdi ki, Azərbaycanda bu şərtləri ödəyən bir neçə universitet tədqiqat universiteti statusu ala bilər:

"Onlar, təbii ki, elmi tədqiqat yükünün əsas hissəsini öz üzərinə götürəcəklər. Həmin universitetlər həm doktorantların hazırlanmasında, həm də müdafiə şuralarının fəaliyyəti baxımından kifayət qədər fəal rol oynayacaqlar. Digər universitetlərə isə elmi tədqiqatla bağlı yerlərin ayrılmaması və bu prosesin mərkəzləşdirilmiş şəkildə idarə olunması ehtimalı var. Bu yanaşmanın müsbət tərəfi ondan ibarətdir ki, tədqiqatların keyfiyyətinin, ali təhsil müəssisələrinin elmi nüfuzunun artırılmasına, keyfiyyətli məqalələrin hazırlanmasına və universitetlərin reytinq göstəricilərinin yüksəlməsinə xidmət edəcək".

Onun sözlərinə görə, bu qərar xüsusilə bölgə universitetlərinin akademik və elmi tədqiqat baxımından zəifləməsinə gətirib çıxara bilər.

"Düşünürəm ki, problemin həlli üçün yerlərin həm mərkəzləşdirilmiş, həm də müraciət əsasında ayrılması mexanizmi tətbiq edilməlidir. Beləliklə, digər universitetlərdə də elmi tədqiqatların aparılması mümkün olar".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən