"Ailənin əlavə hazırlığa imkanı çatmırsa, uşaq buna görə geri qalmamalıdır" - Müəllimdən AÇIQLAMA

 12:35 19.11.2026     140

Övladlarının təhsil alması üçün valideynlər hər il müəyyən məbləğdə vəsait xərcləməli olurlar. Dərs vəsaitləri, hazırlıq kursları, repetitor xidmətləri və digər təhsil ehtiyacları ailələrin büdcəsinə təsir göstərir.

Bu gün Azərbaycanda övladının keyfiyyətli təhsil almasını təmin etmək valideynlər üçün nə dərəcədə böyük maliyyə yükünə çevrilib?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova həm müəllim, həm də valideyn olaraq bildirdi ki, bu gün təhsillə bağlı xərclər bir çox ailə üçün az deyil:

"Kənardan baxanda dəftər-qələm, məktəbli forması, yolpulu ayrı-ayrılıqda elə də böyük xərc kimi görünməyə bilər. Amma bunları bir yerə yığanda, xüsusən də ailədə iki və ya üç uşaq məktəbə gedirsə, büdcədə hiss olunur. Üstəlik, imtahana hazırlıq və ya əlavə məşğələ də lazım gələndə xərc artır.

Valideyn övladının heç nədən geri qalmasını istəmir. Bunu çox yaxşı başa düşürəm. Amma bəzən "hamı hazırlığa gedir, mənim uşağım da getsin" düşüncəsi ilə qərar veririk. Halbuki bir uşağın müəyyən mövzuda əlavə dəstəyə ehtiyacı ola bilər, digərinə isə dərsdə verilən qiymətləndirmə və evdə müntəzəm məşq kifayət edər. Məncə, o qərarı başqalarına baxıb yox, uşağın konkret nədə çətinlik çəkdiyinə baxıb vermək daha faydalıdır. Bir müəllim kimi mənim üçün əsas məsələ budur ki, ailənin əlavə hazırlığa imkanı çatmırsa, uşaq buna görə geri qalmamalıdır. Uşağın əsas bilik və bacarıqları qazandığı yer məktəb olmalıdır. Əlavə məşğələ isə hər ailənin özünü məcbur hiss etdiyi bir xərcə çevrilməməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən