"Şagirdi də, valideyni də çətinliyə salır" – Təhsildə hansı fənlərə ehtiyac yoxdur?

 17:29 19.11.2026     43

"Təhsil xərcləri, bir övladın üzərinə düşən təhsil xərcləri həddindən artıq çoxdur. Bir övladın təhsil xərclərinə geyim, məktəbdə tapşırılan iş dəftərləri və əlavə materiallar daxildir. Məsələn, test işləmək üçün əlavə materiallar tələb olunur. Bir övladın təhsil xərci, geyimi də nəzərə alsaq, orta hesabla təxminən 30-40 manat təşkil edir. İl ərzində kitab-dəftərə verilən pulları da hesablayanda ümumi məbləğ daha da böyüyür".

Bu fikirləri Redaktor.az-a ailələrin uşaqların təhsilinə çəkdiyi xərclərdən danışan təhsil eksperti Elçin Murad səsləndirdi.

O vurğuladı ki, Elm və Təhsil Nazirliyi hər bir şagird üçün müəyyən məbləğdə vəsait ayrıldığını bildirsə də, faktiki olaraq bu vəsait yalnız məktəblərdə dərsliklərin paylanmasını əhatə edir:

"Digər təhsil xərcləri isə valideynlərin üzərinə düşür. Bu xərcləri azaltmağın bir yolu da iş dəftərləri məsələsinə yenidən baxmaqdır. Əvvəlki ənənəvi dərs sistemində iş dəftəri yox idi. Sadəcə məktəb dərsliklərindəki tapşırıqlarla uşaq həm oxuyur, həm anlayır, həm də öyrəndiklərini tətbiq etməyi bacarırdı. İndi isə iş dəftəri ayrıdır, dərslik ayrıdır, test işləmək üçün əlavə materiallar da tələb olunur. Bunların hamısı əlavə yüklənmədir. Həm maddi cəhətdən valideynə əlavə yükdür, həm də fiziki cəhətdən şagirdin yüklənməsi deməkdir. Əvvəl ibtidai siniflərdə sadəcə 3-5 fənn tədris olunurdusa və bununla bağlı tapşırıqlar verilirdisə, indi bir şagirdin üzərinə təxminən 7-8 fənn düşür. İstər şahmat olsun, istər informatika, istərsə də texnologiya. Birinci və ikinci sinif şagirdlərinə informatika və texnologiya keçməyin mənası yoxdur. Eyni zamanda, hər hansı bir fənn kimi şahmatın da tədrisə daxil edilməsinə ehtiyac görmürəm".

Müsahibimiz diqqətə çatdırdı ki, şahmat dərs deyil, fənn deyil, idman növü və hobbidir:

"Uşaq dərsdən sonra öz istəyinə uyğun olaraq şahmatla məşğul olmalıdır. Görürəm ki, şahmatın həm kitabı, həm də ona uyğun iş dəftəri var. Şagirdi yükləməkdən, onun zehni yükünü artırmaqdan və valideyni maddi cəhətdən çətinliyə salmaqdan başqa, bunların elə bir faydası olduğunu düşünmürəm. Ona görə də ümumiyyətlə, təhsildə müəyyən islahatlar aparılmalı, bəzi ixtisarlara yol verilməlidir. Həm şagirdin, həm də valideynin yükünü azaltmaq naminə müəyyən işlər görülməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən