İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA

 12:26 20.11.2026     42

Türkiyə Milli Təhsil Nazirliyinin (MEB) qərarı ilə məktəbəqədər təhsil müəssisələrində və ibtidai siniflərdə (1–4-cü siniflər) şagirdlər üçün hər hansı ad altında imtahan keçirilməsi ləğv edilib. Bu qərara əsasən, ibtidai sinif şagirdləri ənənəvi imtahanlarla deyil, inkişaf yönümlü qiymətləndirmə üsulları ilə dəyərləndiriləcək.

Bəs Azərbaycanda da belə dəyişiklik ola bilərmi? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, şagirdlərin qiymətləndirilməsi məsələsi təhsilin əsas funksional vəzifələrindən biridir:

"Çünki təhsil sistemli şəkildə verilən bilik, bacarıq və vərdişlərin mənimsənilməsidir və onun nəticəsidir. Nəticə isə qiymətləndirmə ilə ölçülür. Qiymətləndirmənin aradan qaldırılmasının hansısa faydalı islahat olacağını düşünmürəm. Türkiyədə, eləcə də Finlandiyada və digər ölkələrdə tətbiq olunan qiymətləndirmə üsullarının Azərbaycan təhsilində tətbiq edilməsi bir qədər həssas mövzudur. Çünki birinci növbədə müəllimlərin peşəkarlığı yüksəlməlidir. Biz hələ ilk dəfə sertifikasiya keçirmişik, növbəti sertifikasiyalar isə bundan sonradır.

Birinci növbədə pedaqoji kadr hazırlığını və pedaqoji işçilərin qiymətləndirilməsini o dərəcədə düzgün həyata keçirməliyik ki, sistemi peşəkarlardan ibarət bir sistemə çevirək. Yalnız bundan sonra müəllimlərə inkişafyönümlü, konkret meyarlara əsaslanmayan qiymətləndirmələri həyata keçirmək üçün etibar edə bilərik. Düşünürəm ki, Azərbaycan üçün bu, hələ çox tezdir. BSQ və KSQ məsələsində isə sadəcə təchizatla bağlı müəyyən problemlər var. Bu məsələdə Rəqəmsal Məktəb platforması da tətbiq olunur. Zamanla hər şey rəqəmsallaşır və tezliklə Rəqəmsal Məktəb platforması bütün ölkəni əhatə etdikdən sonra düşünürəm ki, təchizat, kağız, printer və digər məsələlər də öz həllini tapacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən