Türkiyədə imtahanlar ləğv edildi - Azərbaycanda da tətbiq oluna bilər?

 16:41 20.11.2026     111

"Türkiyənin Milli Təhsil Nazirliyinin ibtidai siniflərdə və məktəb təhsil müəssisələrində ənənəvi imtahanların ləğvi ilə bağlı qərarını müəyyən qədər müsbət və müasir təhsil yanaşması kimi qiymətləndirmək olar. Hesab edirəm ki, bu təcrübənin Azərbaycanda tətbiqi mümkündür və gələcəkdə təhsil sistemimiz üçün müzakirə olunmalı məsələlərdən biri ola bilər. Lakin burada əsas məsələ imtahanların sadəcə ləğv edilməsi deyil, onların yerini tutacaq daha effektiv qiymətləndirmə mexanizminin yaradılmasıdır. Bunun üçün əvvəlcədən hazırlıq həyata keçirilməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyədə ibtidai siniflərdə imtahanların ləğv olunmasından danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi.

O, ibtidai təhsilin uşağın təhsilə münasibətinin, öyrənmə motivasiyasının və ilkin bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğuladı:

"Bu yaşda uşaqların davamlı olaraq testlərə, yazılı yoxlamalara və qiymət almaq təzyiqinə məruz qalması onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bəzi uşaqlarda uğursuzluq qorxusu, özünə inamsızlıq və dərsə qarşı marağın azalması müşahidə oluna bilər. Digər tərəfdən, ibtidai sinif şagirdlərinin biliyini yalnız test və yazılı imtahan vasitəsilə müəyyənləşdirmək düzgün yanaşma deyil. Çünki bu yaşda uşağın inkişafını qiymətləndirərkən onun yalnız nə qədər məlumat yadda saxlamasına deyil, öyrəndiklərini tətbiq etməsinə, fikrini ifadə etməsinə, problemi həll etməsinə, ünsiyyət qurmasına və müstəqil düşünmək bacarıqlarına diqqət yetirilməlidir.

Azərbaycanda belə bir dəyişiklik əslində mümkündür, ancaq bunun üçün mövcud qiymətləndirmə qaydalarına dəyişiklik edilməli və alternativ mexanizm hazırlanmalıdır. Hazırda Azərbaycanda birinci sinif şagirdlərinə məktəbdaxili qiymətləndirmə tətbiq edilmir. Lakin ikinci, üçüncü və dördüncü siniflərdə kiçik və böyük summativ qiymətləndirmələr mövcuddur. Bu isə o deməkdir ki, Türkiyə modelinin Azərbaycanda tətbiqi üçün xüsusilə ikinci, üçüncü və dördüncü siniflərdə summativ qiymətləndirmə mexanizminə yenidən baxılmalıdır".

Mütəxəssisin sözlərinə görə, Türkiyənin 14 noyabr 2026-cı il tarixli qərarı da bu məsələ ilə bağlı daha geniş yanaşmanı nəzərdə tutur:

"Yəni məktəbdaxili və ibtidai təhsil səviyyəsində hər hansı ad altında imtahan keçirilməməsi, şagirdlərin inkişafının davamlı izlənilməsi, nəticələrin müqayisə və sıralama məqsədilə istifadə edilməməsi nəzərdə tutulur. Fikir verirəm ki, Azərbaycan bu istiqamətdə müəyyən addımlar ata bilər. Məsələn, ilk növbədə test və imtahan yükü azaldıla bilər. İbtidai siniflərdə tez-tez keçirilən yazılı yoxlamalar və summativ qiymətləndirmə tədricən inkişafyönümlü üsullarla əvəzlənə bilər. Bundan əlavə, fərqli bir sistemə, yəni portfolio sisteminə keçid edilə bilər. Şagirdin il ərzində hazırladığı layihələr, yazı işləri, rəsmlər, təqdimatlar və digər fəaliyyətlər onun inkişafını müəyyənləşdirmək üçün əsas vasitəyə çevrilə bilər.

Əlavə bir yanaşma kimi müəllim müşahidəsinin gücləndirilməsi də vacibdir. Yəni müəllim uşağın dərsdə iştirakını, mövzunu mənimsəməsini, suallara münasibətini, müstəqil düşünməsini və problem həll etmək bacarıqlarını mütəmadi izləməlidir. Bununla yanaşı, valideynlərə inkişaf hesabatı təqdim edilməlidir. Valideyn yalnız uşağının aldığı qiyməti deyil, hansı bacarıqlara yiyələndiyini, hansı sahələrdə çətinlik çəkdiyini və hansı istiqamətlərdə dəstəyə ehtiyacı olduğunu bilməlidir. Bu istiqamətdə müəllimlər də hazırlanmalıdır. Sistemin uğurlu olması üçün ibtidai sinif müəllimlərinə alternativ qiymətləndirmə metodları üzrə təlimlər keçirilməlidir".

R.Fikrətoğlu vurğuladı ki, bu model Azərbaycanda tətbiq olunarsa, müəyyən çətinliklər də yarana bilər. Onun fikrincə, burada bir neçə mühüm məqamı nəzərə almaq lazımdır:

"Birincisi, siniflərdə şagird sayının çox olması müəllimin hər bir uşağın fərdi inkişafını izləməsini çətinləşdirə bilər. İkincisi, müəllimlərin üzərinə əlavə sənədləşmə və hesabat yükü düşərsə, yeni sistem gözlənilən nəticəni verməyə bilər. Üçüncüsü, qiymətləndirmə meyarları dəqiq müəyyənləşdirilmədikdə müəllimlər arasında subyektiv yanaşmalar da yarana bilər. Ona görə də hesab edirəm ki, bu dəyişiklik birdən-birə deyil, əvvəlcə pilot məktəblərdə sınaqdan keçirilməli, nəticələr təhlil edilməli və daha sonra mərhələli şəkildə tətbiq olunmalıdır. Əsas prinsip ondan ibarətdir ki, ibtidai siniflərdə uşaqlar imtahan üçün deyil, öyrənmək üçün məktəbə gəlməlidirlər. Biz uşaqları bir-biri ilə müqayisə etmək əvəzinə, onların fərdi inkişafını izləməliyik. Bir şagirdin oxuma bacarığı sürətlə inkişaf etdiyi halda, digəri bu bacarığı daha gec mənimsəyə bilər. Bu, həmin uşağın zəif olması demək deyil. Təhsil sisteminin vəzifəsi hər bir uşağın potensialını üzə çıxarmaq və onun potensialına uyğun inkişaf mühiti yaratmaqdır.

Mənim qənaətimcə, Azərbaycanda da ibtidai təhsil səviyyəsində imtahan və summativ qiymətləndirmə yükünün azaldılması, inkişafyönümlü qiymətləndirmənin ön plana çəkilməsi məqsədəuyğun olardı. Lakin bu, şagirdlərin biliyinin yoxlanılmasından tamamilə imtina etmək anlamına gəlməməlidir. Sadəcə, qiymətləndirmənin məqsədi uşağa bal vermək deyil, onun öyrənməsinə kömək etmək olmalıdır. Unutmamalıyıq ki, ibtidai təhsildə əsas uğur yüksək qiymət alan uşaq yetişdirmək deyil, öyrənməyi sevən, düşünən, özünü ifadə edə bilən şəxsiyyət formalaşdırmaqdır"

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən