Məleykə Abbaszadənin təyinatı BDU-da imtahan qaydalarını dəyişəcək? - Deputat DANIŞDI
"Bu gün Azərbaycanda imtahan prosesləri müxtəlif formatlarda təşkil olunur. Bəzi universitetlər bunu test formasında edir, bəziləri yazılı formada edir, bəziləri isə şifahi formada edir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin olunması ilə imtahan prosesinin dəyişə bilmə ehtimalından danışarkən dedi.

Onun sözlərinə görə, prosesin şəffaflığı baxımından, sürətli olması baxımından, təbii ki, elektron qayda ən uyğun formatlardan biridir:
"Biz məsələyə bir az daha geniş aspektdə yanaşsaq, bunu müşahidə edirik və görürük. Ən əsas dediyimiz kimi, geniş tətbiq olunan format və bu gün dünyamızın cavab verdiyi rəqəmsaldır. Amma tələbələrin biliyinin aşkarlanması, onların düzgün qiymətləndirilməsi baxımından şifahi model uyğun modeldir. Amma bu gün Azərbaycan reallığında, təəssüf ki, şifahi imtahanlarda subyektivlik çox olduğuna görə biz buna kütləvi gedə bilmirik.
Məsələn, Türkiyədə, ayrı-ayrı ölkələrdə bu modellərdən çox geniş formada istifadə olunur. Təbii ki, bunu sonrakı günlərdə bir az görəcəyik. Ehtimal edirəm ki, Məleykə xanımın bu sahədə təcrübəsi nəzərə alınaraq Dövlət İmtahan Mərkəzində tətbiq olunan bütün mütərəqqi ideyalar, sistem və imtahan formaları ola bilər ki, Bakı Dövlət Universitetində də həyata keçirilsin. Təbii ki, bunu öncədən qeyd etmək qeyri-mümkündür, bu, təhlil edilməlidir. Amma belə bir məsələnin baş tutması, belə bir prosesin olması istisna olunmur".
Aytəkin TOFİQQIZI













