Direktorların işə qəbulu ilə bağlı bütün suallara CAVAB
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) direktorların işə qəbulu üzrə müsabiqə ilə bağlı tez-tez verilən sualları cavablandırıb.
Redaktor.az xəbər verir ki, müsabiqədə iştirak şərtləri, namizədlərə qoyulan bal tələbləri, elektron sənəd qəbulu, vakant yer seçimi, müsahibə mərhələsi və qiymətləndirmə meyarlarına aydınlıq gətirilib.
Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?
Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan, qaydalara uyğun minimum bal tələbini ödəyən və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün bal tələbi necədir?
Şagird sayı 501-dən çox olan təhsil müəssisələrinə müraciət edən namizədlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 və daha yüksək bal toplamalıdırlar. Sertifikatlaşdırmanın test imtahanında iştirak etməyən namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 85 faiz və daha yüksək nəticə göstərməlidirlər.
Şagird sayı 500-dən az olan təhsil müəssisələrinə müraciət edən namizədlər üçün sertifikatlaşdırmanın test imtahanı üzrə minimum bal tələbi 42-dir. Sertifikatlaşdırmanın test imtahanında iştirak etməyən namizədlər isə qeyd olunan digər imtahanlarda 70 faiz və daha yüksək nəticə göstərməlidirlər.
Müsabiqəyə elektron sənəd qəbulu nə zaman həyata keçiriləcək?
Müsabiqədə iştirak etmək istəyən namizədlər noyabrın 27-si saat 15:00-dan dekabrın 4-ü saat 17:00-dək miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etməli, tələb olunan sənədləri yükləməli, vakant yerləri seçdikdən sonra ərizələrini təsdiqləməlidirlər.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?
Direktorların işə qəbulu seçim və müsahibə olmaqla iki mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir.
Elektron müraciət zamanı namizəddən hansı sənədlər tələb olunur?
Namizədlər ali təhsil haqqında sənədin (sənədlərin), əmək kitabçasının, elmi adı və ya dərəcəsi olduğu halda isə müvafiq təsdiqedici sənədin surətini təqdim etməlidirlər.
Namizəd neçə vakant yer üçün müraciət edə bilər?
Müsabiqə iştirakçılarına ən çox üç vakant yer seçmək imkanı verilir.
Namizədlər müsahibə mərhələsinə necə dəvət edilir?
Namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə müsahibəyə dəvət ediləcəklər.
Müsahibə mərhələsində namizədin hansı meyarlar üzrə qiymətləndirilməsi aparılır?
Müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.
Eyni nəticə göstərən namizədlər arasında seçim necə aparılır?
Eyni nəticə göstərən namizədlər arasında müvafiq ardıcıllıqla daha yüksək balı olan, magistr dərəcəsinə malik, daha çox pedaqoji stajı və rəhbər vəzifədə daha çox iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
İşə qəbul prosesi hansı formada həyata keçirilir?
Müsahibə nəticələrinin elan edildiyi vaxtdan qanunvericiliklə müəyyən olunmuş müddətdə sənədlər yoxlanıldıqdan sonra vakant direktor vəzifəsini tutmuş namizədlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanılacaq.
Öncəki müsabiqələrdə iştirak etmiş namizədlər bu müsabiqədə iştirak edə bilərlərmi?
Əvvəlki müsabiqələrdə iştirak etmiş namizədlərin cari müsabiqədə iştirakına heç bir məhdudiyyət qoyulmur (Azrbaycan müəllimi).













