Elmin Nuri təhsil ictimaiyyətinə çağırış ETDİ: "Medianı da dəstək olmağa çağırırıq"
"Təhsil Ekspertləri Mərkəzi təhsil amilinin təbliği istiqamətində fəaliyyətə başlayıb və fəaliyyətin əsas prinsipi hər zaman təhsilin yanında olmaqdır".
Bunu Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi.
"İdarə heyətinin üzvlərinin hər birisi uzun illərdir təhsillə bağlı təbliğat, təşviqat işlərini yorulmadan aparan şəxslərdir. Sıralarımız bundan sonra genişlənəcəkmi, genişlənməyəcəkmi, bunu mən deyə bilmərəm. İdarə heyəti buna ümumi müzakirələr zamanı qərar verə bilər. Amma burada hamının ortaq nöqtəsi, hamının ürəyindən keçən əsas məsələ təhsilin təəssübkeşliyini çəkməkdir. Tam əminliklə sizə deyirəm ki, bu, elə təhsil təəssübkeşliyinin göstəricisi olaraq meydana gəlib", - deyə o qeyd etdi.
Müsahibimiz mərkəzin sədri seçilən təhsil eksperti Məzahir Məmmədlini də təbrik etdiyini bildirdi.
"Məsələnin digər tərəfi də icra prosesidir. Bundan sonra hansı işlər görüləcək, onu zaman-zaman mediada hiss edəcəksiniz. Biz medianı da dəstək olmağa çağırırıq. Hər zaman media təhsilin yanında olub. Eyni zamanda, media və təhsillə bağlı baş verən problemlərin bərabər müzakirəsi hər zaman lazımlıdır", - deyə Elmin Nuri vurğulayıb.
Qeyd edək ki, Elmin Nuri də Təhsil Ekspertləri Mərkəzinin üzvüdür.
Aytəkin TOFİQQIZI













