BDU-da imtahan qaydaları yenidən nəzərdən keçirilə bilər - AÇIQLAMA
“Məleykə xanım Abbaszadənin bu vəzifəyə təyinatının Bakı Dövlət Universitetində imtahan qaydalarına köklü dəyişikliklər gətirəcəyini düşünürəm. Çünki indiyədək ali təhsil müəssisələri arasında imtahan prosedurları ilə bağlı ən çox müzakirə olunan və problemlərin müşahidə edildiyi universitetlərdən biri məhz Bakı Dövlət Universiteti olub”.
Bu barədə Redaktor.az-a elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi danışdı.
O qeyd etdi ki, bu baxımdan, yeni təyinatdan sonra imtahanların təşkili və keçirilməsi qaydalarının yenidən nəzərdən keçiriləcəyinə dair gözləntilər var:
.jpg)
“Əsas gözləntimiz mövcud imtahan sisteminin daha şəffaf, obyektiv və müasir tələblərə uyğun şəkildə qurulmasıdır. İmtahan prosesində tələbələrin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi, subyektiv yanaşmaların aradan qaldırılması və qiymətləndirmə meyarlarının aydın olması xüsusi əhəmiyyət daşıyır.
Düşünürəm ki, Bakı Dövlət Universitetində beynəlxalq standartlara uyğun imtahan sisteminin tətbiqi həm təhsilin keyfiyyətinə, həm də universitetə olan etimadın artmasına müsbət təsir göstərə bilər.
Artıq bu istiqamətdə konkret addımların atılmasını gözləyirik”.
Xədicə BAXIŞLI













