Şagirdlərə qırmızı, sarı, yaşıl kart veriləcək? – Təhsil komitəsinin üzvü AÇIQLADI
Məktəblərdə şagirdlərin davranış və intizam qaydalarına əməl etməsinə nəzarətin gücləndirilməsi təhsil sisteminin qarşısında duran mühüm məsələlərdən biridir. Bu məqsədlə bir sıra ölkələrdə tətbiq olunan qırmızı, sarı və yaşıl kart sisteminin Azərbaycanda da tətbiqi müzakirə olunur.
Bəs bu təcrübə məktəblərimizdə nə dərəcədə effektiv ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu istiqamətdə müəyyən layihələr var:
"Məsələ ondadır ki, bu layihəyə bir müddət əvvəl başlanılsa da, gözlənilən səmərəni vermədi. Ümumiyyətlə, hesab edirəm ki, hər hansı ölkənin təcrübəsi mənimsənilərkən onun bizim ölkəyə uyğunluğu və tətbiqinin səmərəlilik dərəcəsi də araşdırılmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan reallığında bu təcrübənin və praktikanın işləmədiyini gördük. Ən azı bu gün bununla bağlı işlək bir mexanizm yoxdur".

Deputatın fikrincə, şagirdlərin davranış və intizam məsələlərinin tənzimlənməsi üçün hər bir məktəbin öz əsasnaməsi olmalıdır:
"Bu, vahid əsasnamə də ola bilər və həmin sənəddə bütün prosedurlar öz əksini tapmalıdır. Belə ki, hansı hallarda şagirdin məktəbdən xaric edilə biləcəyi, ona hansı hallarda töhmət verilə biləcəyi və onunla bağlı hansı addımların atılmalı olduğu bu sənəddə aydın şəkildə göstərilməlidir. Təbii ki, müvafiq sənədlərin hazırlanması vacibdir. Lakin məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, bu sənədlərin mövcudluğu özü-özlüyündə kifayət etmir. Onların tətbiqi də olduqca önəmlidir".
Millət vəkili qeyd etdi ki, bəzən qərarlar qəbul olunur, müəyyən addımlar atılır, lakin həmin qərarların praktikada həyata keçirilməsini görmürük:
"Bunun ağır nəticələrini də real həyatda müşahidə edirik. Ona görə də qəbul edilən qərarlarla yanaşı, onların tətbiqi istiqamətində də real addımların atılmasına ehtiyac var. Yalnız bu halda həmin qərarlar öz töhfəsini verə bilər".
Xədicə BAXIŞLI













