"Elmi məqalələrin artması hələ praktik nəticə demək deyil" - Kənan Kərimzadə

 10:51 27.11.2026     107

“2026-2027-ci tədris ilində Azərbaycanda kənd təsərrüfatı ixtisasları üzrə ali təhsil müəssisələrinə 2400-dən çox tələbə qəbul olunub”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

O qeyd edib ki, son illərdə kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığına və peşə təhsilinə marağın artırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub:

“Bu tədris ilində 2400-dən çox şəxs kənd təsərrüfatı ixtisasları üzrə ali təhsil müəssisələrinə qəbul olunub. Son illərdə bu istiqamətdə əhəmiyyətli artımlarımız var. Eyni zamanda peşə təhsili müəssisələrinə marağın da ciddi şəkildə artdığını görürük. Əvvəllər peşə təhsilinə qəbul üçün müraciət edənlərin sayı 20–24 min nəfər civarında idisə, hazırda bu rəqəm 52 minə çatıb. Bu, peşə təhsilinə marağın nə qədər artdığını göstərir”.

K.Kərimzadə bildirib ki, aqrar sahənin gələcək inkişafı yalnız ixtisaslı kadrların hazırlanmasından deyil, həm də elm, təhsil və istehsalat arasında əməkdaşlığın gücləndirilməsindən asılıdır:

“Bu gün ölkəmizdə məşğul əhalinin təxminən 30–35 faizi kənd təsərrüfatında çalışır. Lakin bu sahənin ümumi daxili məhsuldakı payı təxminən 6–7 faizdir. Bəziləri bunu problem kimi qiymətləndirir, mən isə burada böyük imkanlar görürəm. Bu fərq kənd təsərrüfatında məhsuldarlığın artırılması, sənayeləşmənin genişləndirilməsi və yüksək əlavə dəyərə malik məhsulların istehsalı üçün imkan yaradır. Düşünürəm ki, gənclərimiz bu çağırışlara cavab verə biləcəklər”.

Nazir müavini universitetlərdə və elmi müəssisələrdə əldə olunan nəticələrin real istehsalata tətbiqinin vacibliyini də vurğulayıb:

“Elmi məqalələrin sayının artması hələ həmin tədqiqatların praktik məhsula çevrilməsi demək deyil. Buna görə də universitetlərin, alimlərin və innovativ ideyalar üzərində çalışan gənclərin regionlardakı fermerlərlə və kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”, - nazir müavini qeyd edib (Azərbaycan müəllimi).

Vumart və Güvən reklamı Vumart Güvən