Gənclər üçün yeni imkanlar: Peşə təhsili regionlara köçürülür - AÇIQLAMA

 15:46 27.11.2026     38

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib ki, Azərbaycanda 2030-cu ilədək peşə təhsili infrastrukturunun genişləndirilməsi çərçivəsində yaradılacaq yeni müəssisələrin əsasən kənd təsərrüfatı potensialı olan regionlarda yerləşməsi planlaşdırılır.

Maraqlıdır, bu addım regionlarda peşə təhsilinə əlçatanlığı və gənclərin təhsil imkanlarını necə dəyişəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil mütəxəssisi Elçin Əfəndi qeyd etdi ki, peşə təhsili infrastrukturunun genişləndirilməsi çərçivəsində yaradılacaq yeni müəssisələr həmin regionlarda yaşayan əhali, xüsusilə də gənclər üçün təhsil imkanlarının əlçatanlığını artıracaq:

"Düşünürük ki, həmin istiqamətdə eyni zamanda istehsal müəssisələrinin tikilib istifadəyə verilməsi və mövcud müəssisələrin dual təhsil modelini tətbiq etməsi ilə gənclərin həm iş imkanları, həm də təhsil imkanları daha da yaxşılaşa bilər".

Onun sözlərinə görə, dual təhsil modelinin tətbiqi çox asandır:

"Qısamüddətli, altı aylıq və yaxud da bir illik təhsil modelinin tətbiqi həm gənclərin nəzəri biliklərini praktik biliyə çevirmək, eyni zamanda onların təcrübə qazanması istiqamətində mühüm rol oynayır. Bu da ümumilikdə regionun inkişafına müsbət təsir göstərə bilər – həm iqtisadi, həm demoqrafik, həm də təhsil sahəsində. Bu nöqteyi-nəzərdən ümidvaram ki, 2030-cu il və ondan sonrakı illərdə biz bu istiqamət üzrə müsbətə doğru dəyişikliyi müşahidə edəcəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən