Əyaniyə balı çatmayan oğlanlar nə etsin? – Ekspertdən diqqətçəkən AÇIQLAMA

 19:27 27.11.2026     46

Qiyabi təhsil alan oğlan tələbələr ali təhsillərini başa vurmadan hərbi xidmətə çağırılırlar. Bu səbəbdən bir çox abituriyent qiyabi təhsil formasını seçməkdən çəkinir. Nəticədə, qəbul imtahanlarında topladıqları bal əyani təhsil almağa kifayət etməyən oğlanlar qiyabi təhsil imkanından da yararlanmırlar.

Bəs qiyabi təhsil alan oğlan tələbələrin hərbi xidmətə çağırışı təhsillərini başa vuranadək təxirə salınmalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bu təkliflə razılaşmadığını bildirdi. Onun fikrincə, qiyabi təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməməlidir:

“Mən bununla qətiyyən razı deyiləm. Baxın, ali təhsildə qiyabi təhsil forması xüsusilə hansı məqsədlə yaradılıb? Qiyabi təhsil əsasən əmək bazarında müəyyən mövqeyi olan, iş həyatına qoşulan, əmək fəaliyyəti göstərən şəxslər üçün nəzərdə tutulub. Həmin şəxslər işlədikləri və həftənin bütün günlərində ali təhsil müəssisələrinə gələ bilmədikləri üçün müəyyən müddətlərdə universitetə gəlmək imkanı əldə edirlər. Bu istiqamətdə onlara iş yerləri tərəfindən də müəyyən dəstək göstərilir. Qanunvericiliyə əsasən, iş yeri hər hansı şəxsin təhsil almasına maneə törətməməlidir. Əgər bir şəxs haradasa əmək fəaliyyəti göstərirsə, qiyabi təhsil formasını seçə və bu qaydada oxuya bilər. Amma 11-ci sinfi bitirən şagird, əlbəttə ki, əmək bazarına qoşulmaqdansa, birbaşa universitetə qəbul olmağı düşünməli və bu istiqamətdə hazırlaşmalıdır”.

Müsahibimiz hesab edir ki, 11-ci sinif şagirdinin ilkin məqsədi ali təhsil almaq üçün çalışma əzmi göstərmək olmalıdır:

“Əgər bu əzmi yoxdursa, müəyyən mənada tənbəllik edibsə, bunun nəticələri ilə də barışmalıdır. Balı ali təhsil müəssisəsinə qəbul olmaq üçün kifayət etmirsə, peşə təhsili və ya kollec imkanlarından yararlana bilər. Əgər qiyabi ali təhsil formasını seçəcəksə, bilməlidir ki, hərbi xidmətə gedəcək, xidmətini başa vuracaq, daha sonra universitetə qayıdaraq təhsilini davam etdirəcək. Bu, birmənalı şəkildə belə olmalıdır. Amma, məsələn, peşə təhsilində bu güzəştin tətbiq olunmasının tərəfdarıyıq. Çünki peşə təhsilinin canlandırılması və inkişaf etdirilməsi üçün buna ehtiyac var”.

Ekspertin fikrincə, xüsusilə 11-ci sinfi bitirənlər qiyabi təhsil alarkən hərbi xidmətdən möhlət hüququ qazanmamalıdır:

“Bunun səbəbini də artıq izah etdim. Qiyabi təhsil əmək bazarında fəaliyyət göstərən, ali təhsil müəssisəsini bitirmiş və başqa ixtisas üzrə yenidən təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulmalıdır. Məsələn, şəxs işlədiyi sahə üzrə əlavə ixtisas əldə etmək məqsədilə qiyabi təhsil ala bilər. Yaxud da əvvəlcə hərbi xidmətə gedər, xidmətini başa vurduqdan sonra qayıdaraq həm əmək fəaliyyəti ilə məşğul olar, həm də qiyabi təhsilini davam etdirər. Yəni mən xüsusilə qiyabi təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməsinin tərəfdarı deyiləm”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən