"Şagirdlərə sosial şəbəkələrdə paylaşım etməyi öyrətmək lazımdır" - Məzahir Məmmədli

 21:56 27.11.2026     125

"Media savadlılığı təkcə məktəblərə deyil, bütün sahələrə lazımdır. Məktəblərdə media savadlılığının ayrıca fənn kimi tədris olunmasına ehtiyac olduğunu düşünmürəm. Sadəcə olaraq, şagirdləri dərsdənkənar fəaliyyətlər çərçivəsində bu sahəyə cəlb etmək və peşəkar mütəxəssislər tərəfindən təlimlər keçirmək olar. Onlara hüquq və vəzifələrini başa salmaq mümkündür. Şagirdlər ən azı kiçik yaşlarından sosial şəbəkələrdə paylaşım etməyi, mediada çıxış qaydalarını bilsələr, bunun faydalı olacağını düşünürəm".

Bunu Redaktor.az-a açıqlamasında Təhsil Ekspertləri Mərkəzinin sədri Məzahir Məmmədli bildirdi.

Ekspertin sözlərinə görə, media savadlılığını ayrıca fənn kimi tədris etmək, bununla bağlı dərs keçmək və xüsusi dərs vəsaiti hazırlamaq lazım deyil.

"Sadəcə, indiki gənclərin media savadlılığına daha çox ehtiyacı var. Çünki bilirik ki, artıq süni intellektin inkişaf etdiyi bir dövrdə yaşayırıq. Digər tərəfdən, süni intellekt gənclərimizə getdikcə daha çox təsir göstərməyə başlayıb. Media savadlılığı artsa, gənclər həm süni intellektdən düzgün istifadə etməyi bacaracaq, həm də hazırda Azərbaycan seqmentində daha fəal istifadə olunan "TikTok", "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə özlərini düzgün ifadə edə biləcəklər".

M.Məmmədli bunun üçün gənclərin müəyyən təlimlərə cəlb olunmasını təklif edir:

"Həmçinin məktəblərdə könüllülərdən ibarət qruplar yaratmaq, tanınmış və peşəkar jurnalistləri bu prosesə cəlb edərək şagirdlərlə profilaktik iş aparmaq, onları düzgün istiqamətləndirmək olar. Eyni zamanda, gələcəkdə onların arasından jurnalist olmaq potensialı olan şəxsləri müəyyənləşdirmək və üzə çıxarmaq kimi addımlar da atıla bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən