Bakıda iki yeniyetməni cərəyan vurub - Ölən var

 15:15 22.02.2021     737

Fevralın 21-də saat 12 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Muradovun ölməsi, 2008-ci il təvəllüdlü Uğur Qəhrəmanovun isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin istintaqla zərərçəkmişlər İsmayıl Muradov və Uğur Qəhrəmanovun Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində köhnə tikilidəki 863 nömrəli, 6 KV-luq Qapalı Paylayıcı Qurğunun içərisində olarkən elektrik cərəyanın təsirinə məruz qalmaları nəticəsində İsmayıl Muradovun ölməsi, Uğur Qəhrəmanovun isə xəsarət alması müəyyən edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.