"Sədərək"dəki ölüm hadisəsi ilə bağlı CİNAYƏT İŞİ

 16:14 22.02.2021     238

Fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.