Abşeronda arvadını öldürmək istəyən şəxsin MƏHKƏMƏSİ

 12:34 20.03.2021     198

Abşeronda arvadını qısqanclıq zəminində öldürməyə cəhddə təqsirləndirilən Baba Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Redaktor.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də saat 6 radələrində Abşeron rayonunda qeydə alınıb. Rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baba Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. //APA