Bakıda ata qızını qısqanclıq zəminində öldürüb - RƏSMİ

 12:26 23.03.2021     212

Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Redaktor.az-a verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.