AMEA-dakı pozuntularla bağlı cinayət işi açılıb

 18:25 05.04.2021     204

“Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır”.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, istintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Bundan başqa, bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”),  Kütləvi informasiya vasitələrinə Dəstək Fondunun (KİVDF), habelə Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilmiş  qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.

Qeyd edilənlərlə bağlı bildirilir ki, “Qaçqınkom” və KİVDF-də yol verilmiş qanun pozuntuları faktlarına dair istintaq edilən cinayət işləri üzrə Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilib.