Bakıda qızını boğaraq öldürən şəxsin MƏHKƏMƏSİ

 09:06 16.04.2021     524

Bakıda qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Redaktor.az xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 30-da saat 12 radələrində Ələkbər Bağırovun Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək qızı İradə Paşayevanı öldürdüyünü bildirməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası Bağırov Ələkbər Qasım oğlunun  aralarında yaranmış münaqişə zamanı  İradə Paşayevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Ələkbər Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. //APA