Fəhlə 14-cü mərtəbədən yıxılaraq ölüb

 11:40 26.04.2021     105

Aprelin 25-də saat 08:00 radələrində Abşeron rayonu ərazisində inşaat aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 1997-ci il təvəllüdlü Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.