Xızı sakininin evindən silah-sursat tapılıb - FOTO

 10:43 28.04.2021     872

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Redaktor.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Giləzi qəsəbə sakini Mehrab Əlyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,107 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb. 

Əməliyyat tədbirlərinin davamı olaraq M.Əlyarovun yaşadığı evə keçirilmiş axtarış zamanı isə oradan bir ədəd AKS markalı avtomat, 19 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb. 

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

22