Yaşlı qadını tövlədə bağlayan şəxs barəsində CİNAYƏT İŞİ

 17:58 03.06.2021     101

Gədəbəyin İvanovka kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gedərək qadını kənd ərazisində gəzərkən aşkarlayıb, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat verilib və qadın Göygöl rayon 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilib.

Redaktor.az-ın məlumatına görə, daha sonra qadının tövlədə bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. //APA