Dələduzluq edən şirkət rəhbəri axtarışa verildi

 20:17 05.07.2021     189

Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində iyulun 1-də keçirilmiş “sual-cavab” adlı sessiya zamanı bir neçə vətəndaşın “Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimovun 70-ə yaxın şəxsi aldadaraq Avropada işə düzəltmək adı altında pul almaqla dələduzluq etməsi barədə müraciətləri daxil olub.

Redaktor.az xəbər verir ki, müraciətləri Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürdüyündən, həmin faktla bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi İstintaq idarəsinə tapşırılıb.

Toplanmış ilkin sübutlar əsasında iyulun 5-də Orxan İbrahimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmadığından barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

“Go Europe” şirkətinin vəzifəli şəxslərinin dələduzluq əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13)