Ötən gün 93 yanğına çıxış olub - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Redaktor.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 93 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas olunub. Həmçinin, qeyri-çimərlik ərazilərdə - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun, Beyləqan rayonu, Əmirzeydli kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun və Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.