Zabitin özünü güllələməsi ilə bağlı CİNAYƏT İŞİ

 12:07 13.07.2021     68

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun iyunun 12-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə həmin gün Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.