Bakıda kişi əməliyyat vaxtı narkozdan ölüb

 11:17 14.07.2021     211

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.

Redaktor.az bildirir ki, bu barədə ölən şəxsin oğlu vətəndaş Vüsal Həsənov məlumat verib.

O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:

“Dünən səhər atam öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.

Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:

“Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”.

Həkim Əziz Mərdiyev bildirib ki, o, xəstəni əməliyyat etməyib:

“Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək”. //Report.az