Yaşlı kişinin cibindən oğurluq edən şəxs saxlanılıb

 14:08 26.08.2021     94

Şəki Şəhər Rayon Polis Şöbəsinə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olan Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Ağayevin oğurladığı qızılları sataraq özünün əyləncəsinə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.