Prokurorluq Bərdədəki qətllə bağlı məlumat yayıb

 09:28 30.08.2021     58

Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Rayon prokurorluğundan Redaktor.az-a verilən xəbərə görə, prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürmüşlər.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

Hazırda istintaq davam edir.