Arvadını vəhşicəsinə qətlə yetirən şəxs həbs edildi

 17:35 06.09.2021     2203

Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bərdə Rayon Prokurorluğunundan Redaktor.az-a verilən məlumata görə, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.