Bakıda dəhşətli cinayət - Kürəkən qayınata və qayınanasını YANDIRDI

 10:02 20.09.2021     349

Prokurorluq Bakıda adam öldürməyə cəhdlə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Redaktor.az-a daxil olan məlumatda deyilir:

"Sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".