Goranboyda dəhşətli cinayət - Məmur iş otağında öldürüldü - YENİLƏNİB

 14:40 08.10.2021     3418

Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədov qətlə yetirilib.

Redaktor.az xəbər verir ki, onu iş otağında bıçaqla öldürüblər.

Polis qətli törətməkdə şübhəli bilinən Mirhadi Bağırovu saxlayıb. O, həmin qurumda mühasib vəzifəsində çalışırmış. 

Əldə etdiyimiz məlumata görə, M.Bağırov bıçaqla Z.Əhmədovun başını kəsib. Qətli törədən şəxsin Goranboy rayon polis şöbəsinin keçmiş rəis müavini Mirtağı Bağırovun oğlu olduğu deyilir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.