SON DƏQİQƏ: Bakıda ağır qəza - Ölən və yaralananlar var - FOTO

Aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.
Bu barədə Redaktor.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Onlardan 11-i kişi, 10-u qadındır.
Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, bu, saat 09:00-a olan məlumatdır.
Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.
***
Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər xəsarət alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Redaktor.az-a verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.
***
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.
Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

