Bakıda polislə vətəndaş arasında insident - ANBAAN VİDEO - YENİLƏNİB

 18:44 21.10.2021     5947

Bakıda piyadaya yol vermədiyi üçün Dövlət Yol Polisinin qanuni “Saxla” əmrinə tabe olmayan sürücü 20 sutkalıq həbs edilib. 

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, sürücü barəsində lazımı tədbir görülüb:

“Sürücüyə 20 sutka həbs verilib. O, sürücülük hüququndan müəyyən müddətə məhrum edilib”.

15:25

Ağ rəngli “Volkswagen” markalı 99-RP-760 dövlət nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu sakini Nihat Arif oğlu Sadiqov Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün ona yol polisi tərəfindən saxlama işarəsi verilib.

Bunu Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Axundov adına parkın yaxınlığında yol-patrul xidməti əməkdaşları ilə sürücü arasında baş vermiş insidentlə bağlı məlumat verərkən deyib. 

O bildirib ki, sürücü nəqliyyat vasitəsini saxlayan zaman yol polisi sənədlərin təqdim edilməsini istəyib, həmin şəxs isə sənədləri təqdim etmək adı ilə nəqliyyat vasitəsinə əyləşib və yüksək sürətlə hərəkətini davam etdirib:

“Yol boyu hərəkət edərkən işıqforun qırmızı işığında hərəkətini davam etdirib, digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb, eləcə də Səməd Vurğun-Neftçilər prospekti boyunca kəsişmədən Azneft dairəsinə qədər əks istiqamətli yol zolağına çıxmaqla hərəkətini davam etdirib. Həmin ərazidə polisin saxlama işarəsinə əhəmiyyət verməyib. Beləliklə, sürücünün Axundov adına parkın yaxınlığında süni sıxlıq yaradılaraq əməkdaşlar tərəfindən saxlanılmasına müvəffəq olunub”.

Vaqif Əsədov qeyd edib ki, sənədlərin yoxlanılması zamanı etibarnamənin olmamasına görə sürücünün belə hərəkət etdiyi ortaya çıxıb:

“Piyadalara yol verməyən, etibarnaməsiz nəqliyyat vasitəsini idarə edən, işıqforun qırmızı işığında hərəkət edən, əks istiqamətli yol zolağına daxil olan, polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkət edən sürücü barəsində toplanılan sənədlər hazırda Səbail Rayon Polis Bölməsinə təqdim olunub. Sürücü barəsində tərtib edilən sənədlər məhkəməyə göndəriləcək”.

***

Bakıda yol-patrul xidmətinin əməkdaşları ilə sürücü arasında insident baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə Axundov bağının yanında qeydə alınıb. 

Kadrlardan görünür ki, əvvəlcə sürücü ilə YPX əməkdaşı arasında mübahisə baş verir, daha sonra məsələyə ətrafdakı yol polisi əməkdaşları da qarışır və sürücünü özləri ilə aparırlar.

Hadisənin səbəbləri məlum deyil. İnsident zamanı yolda sıxlıq yaranıb. 

Həmin görüntüləri oxu.az-a istinadla təqdim edirik: