Asya Sultanova vəfat etdi

 09:23 23.11.2021     99

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

Redaktor.az xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub.

O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.

A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiy ilə ailəli olub.

1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.