27 yaşlı qız “eManat”ın qarşısında özünü yandırmaq istədi

 17:24 26.11.2021     183

Bakıda 27 yaşlı qız onun hesabına köçən puldan 100 manat əskik olduğu üçün özünü yandırmaq istəyib.

Redaktor.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “Modenis” (eManat) MMC-nin inzibati binasının qarşısında baş verib.

1994-cü il təvəllüdlü S.T. onun hesabına köçürülmüş pulun 100 manat əskik olmasına etiraz edərək binanın qarşısında yerə benzin tökərək özünü yandırmağa cəhd edib. Bu zaman şirkətin mühafizəçiləri müdaxilə edərək onun qarşısını alıblar.

Hadisə ilə bağlı Nərimanov RPİ 17-ci Polis Bölməsində araşdırma aparılır.

***

“Modenis” şirkətinin aparıcı marketinq mütəxəssisi Ayşən Həsənova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşın “eManat” ödəniş terminalı vasitəsilə köçürmə edərkən qeydə alınan videogörüntülərə baxış keçirilib: “Müştəri iddia etdiyi məbləği terminala daxil etməyib. Həmçinin, görüntülər həmin vətəndaşa da izlədilib. Əgər ehtiyac olarsa, görüntüləri hüquq-mühafizə orqanlarına da təqdim edə bilərik” (qafqazinfo).