Qubadlıda hərbçi yoldaşlarını öldürməkdə şübhəli bilinən MAXE saxlanıldı - FOTO

 09:53 03.01.2022     1210

"Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürmüş, daha sonra silahını ataraq hadisə yerindən qaçmışdır".

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir.

"Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. 
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə
edilmişdir.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
İstintaqın gedişatı barədə əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir.

Xatırladaq ki, ötən gün Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayaraq bildirib ki, yanvarın 2-si saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib. Baş çavuş E.Əvəzli bundan sonra silahını ataraq hadisə yerindən qaçıb.

2