Ermənilərin atdığı mərmi partladı, ölən var - YENİLƏNİB
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Redaktor.az-a daxil olan məlumatda deyilir:
"Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.
Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır".
***
Yevlax sakini partlayış nəticəsində həlak olub.
Redaktor.az xəbər verir ki, rayon sakini olan çoban, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlax rayonunun Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.
İlkin ehtimala görə, həmin hərbi sursat Vətən Müharibəsi dövründə ermənilər tərəfindən atılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.












