Nazirliyin qarşısında özünü yandıran Türkiyə vətəndaşı imiş...

 22:22 26.04.2022     578

Bu gün Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıran şəxsin kimliyi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, nazirliyin qarşısında üzərinə yandırıcı maye tökərək, özünü yandıran şəxsin Türkiyə vətəndaşı, 32 yaşlı A.K. olması dəqiqləşib.

Məlum olub ki, bir neçə gün əvvəl kommunal idarənin əməkdaşları onun paytaxtın mərkəzində yerləşən “Tarqovı” məhəllə adlanan ərazidəki mənzildə qanunsuz inşa etdiyi eyvanı sökməsini tələb edib. A.K. isə bundan imtina edib və nəticədə dövlət qurumu tarixi və arxitektura əhəmiyyətli binada Türkiyə vətəndaşının inşa etdiyi eyvanı söküb.

Bundan sonra A.K. nazirliyin qarşısına gələrək, özünü yandıracağını bildirib və qəfil üzərinə yandırıcı maye tökərək özünə od vurub. Araşdırmalar zamanı o da məlum olub ki, A.K. bir neçə il əvvəl də paytaxtın mərkəzindəki digər evində qanunsuz tikinti işləri aparıb və həmin vaxt da aidiyyəti dövlət qurumları ilə problem yaşayıb. Hətta ərazi üzrə kommunal idarənin rəhbərliyindən prokurorluğa şikayət edib.

Qeyd edək ki, A.K. Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. A.K.-ni söndürərkən bir polis əməkdaşı da xəsarət alıb (qafqazinfo).