DİN sosial şəbəkələrdə səslənən iddialarla bağlı açıqlama YAYDI

 21:57 04.05.2022     515

Sosial şəbəkələrdəki bir sıra səhifələrdə İlkin Xudaverdiyev və Şəhriyar Əliyev adlı şəxslərin polis əməkdaşları tərəfindən əsassız yerə saxlanılmaları ilə bağlı səslənən iddialar əsassızdır. 

Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Zeyni Hüseynov bildirib.

O, qeyd edib ki, 2020-ci il may ayının 5-də paytaxtın Nizami rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlkin Xudayerdiyev və Şəhriyar Əliyev saxlanılıblar:

"Şəxsi axtarış zamanı İlkin Xudaverdiyevdən 1 kiloqram heroin, Şəhriyar Əliyevdən isə narkotik vasitələrin qəbulu zamanı istifadə etdiyi 1 ədəd şpris aşkar olunaraq götürülüb. İlkin Xudaverdiyev narkotik vasitələri tanışı Baba adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib. 

Tədbirlərin davamı olaraq narkotik vasitələrin satışını həyata keçirən Baba Babayev də tutulub və istintaqa təqdim edilib. Həm Baba Babayevin, həm də İlkin Xudaverdiyevin əməli istintaqla hərtərəfli araşdırılıb və iş məhkəməyə göndərilib".

DİN rəsmisi hər iki şəxsin məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edildiklərini vurğulayıb:

"Şəhriyar Əliyev isə narkotik vasitə aludəçisi olduğundan onun barəsində qanunla nəzərdə tutulan qaydada digər tədbir görülüb. Adları çəkilən şəxslərin heç bir günahı olmadan həbs edilməsi və polis əməkdaşlarının ünvanına səsləndirilən fikirlər əsassızdır. Həmin fikirləri qəti şəkildə təkzib edir, bunu polis əməkdaşlarının narkotiklərə qarşı apardığı qətiyyətli mübarizəyə kölgə salmaq cəhdləri kimi qiymətləndiririk".