"500 hektar torpaq sahəsinə görə 80 min manat verdim" - Vilyam Hacıyevin məhkəməsi

 12:25 06.05.2022     412

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Redaktor.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Eldəniz Nəbiyev deyib ki, Vilyam Hacıyevlə şəxsi tanışlığı olmasa da, onu icra başçısı kimi tanıyıb.

"Məndən heç kim heç nə tələb etməyib. Fermer təsərrüfatı ilə bağlı torpaq sahəm var idi. Onunla bağlı məhkəmə arayış tələb elədi. İcra Hakimiyyətinə müraciət etdim. Arayış verdilər. Sonra dedilər ki, köməklik lazımdı. Mən də öz xoşuma 3 min manat köməklik etmişəm. Heç kim məndən pul tələb etməyib",- şahid bildirib.

Digər şahid Fariz Əliyev isə qeyd edib ki, rayonda əkinçiliklə məşğul olur:

"Eşitdim ki, rayonda torpaq paylanılır. Getdim baxdım ki, əkinə yararlı yerdir. İcra Hakimiyyətinə müraciət etdik, hüquqşünas dedi ki, pul köçürülməlidir. Mən də gəldim, 500 hektar torpaq sahəsinə görə Cəmilə 80 min manat verdim".

Şahid bildirib ki, sonradan həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı da icra hakimiyyətinə rüşvət verib:

"Cəmil dedi ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün 5 min manat vermək lazımdı. Mən də həmin pulu verdim. Pulu ödəyəndə mənə heç bir qəbz verilməyib. Vilyam Hacıyevlə görüşməmişəm. Mən icra hakimiyyətinin hüquqşünası ilə danışmışam, o da Cəmilə yönəldib" (trend).

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.