Əflatun Amaşovdan jurnalistə hücuma REAKSİYA

"Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır".
Redaktor.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O, vurğulayıb ki, söhbət azad sözə qarşı hücumdan, jurnalistin peşəkar fəaliyyətinə maneçilik cəhdindən, açıq təhdiddən gedir.
"Bu hal Azərbaycanda söz və ifadə azadlığı istiqamətində əldə edilmiş uğurlara kölgə salan zidd təmayüldür. Onun araşdırılmasına xüsusi yanaşılması mütləqdir.
Əminəm ki, hüquq-mühafizə orqanları insidentə ciddi şəkildə diqqət yetirəcək, günahkarlar layiqli cəzalarını alacaqlar. Azərbaycan Mətbuat Şurası olaraq biz də öz tərəfimizdən məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə daimi təmasdayıq. Nazirlikdən hadisənin nəzarətə götürüldüyünü, araşdırmanın aparıldığı bildirilib. Belə həssas yanaşma günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır", - deyə Ə.Amaşov bildirib.
Xatırladaq ki, Aytən Məmmədovaya hücum mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.
Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.