Psixiatriya Xəstəxanasında palata yoldaşını öldürdü, məsuliyyətdən azad edildi

 14:58 10.05.2022     189

Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında 5 ay öncə baş vermiş cinayətlə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Redaktor.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və ötən həftə hökm çıxarılıb. Belə ki, 2021-ci il dekabrın 3-də paranoid şizofreniyadan əziyyət çəkən iki xəstə - Emil İbadov və Elvin Həsənov palatada dalaşıblar. Onların mübahisəsi yorğana görə olub. Emil Elvindən yorğanını istəyib. Elvin buna etiraz etdiyindən Emil onu döyməyə başlayıb. Ağır xəsarətlər alan Elvin Həsənov 13 gün sonra Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Məhkəmə Emil İbadovu Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə mühakimə edib. Psixiatrik Ekspertiza Mərkəzi rəy verib ki, Emil İbadov hadisəni anlaqsız vəziyyətdə törədib. 41 yaşlı Emil İbadov cinayəti anlaqsız vəziyyətdə törətdiyindən məhkəmə onu məsuliyyətdən azad edib. Hökmə əsasən, E.İbadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tətbiq edilib.

Elvin Həsənovun anası məhkəmədə bildirib ki, oğlu 17-18 yaşlarından qeyri-adekvat hərəkətlər etməyə başlayıb və mütəmadi olaraq ona iynə vurulub: “Həyat yoldaşım vəfat edəndən sonra Elvin daha da aqresivləşdi. Evdəki əşyaları qırmağa başladı. Onu Maştağadakı Psixiatriya Xəstəxanasına yerləşdirdik. Bir müddətdir orada müalicə alırdı. Elvinin döyülməsi xəbərini mənə səhəri günü dedilər. Eşitdim ki, Elvinə eyni palatada müalicə alan digər xəstə ona xəsarət yetirib. Mən xəstəxanaya gedəndə Elvin komada idi, elə orada da vəfat etdi”.

Anası deyir ki, Elvin əşyaları sındırar, qışqırar, əsəbiləşər, lakin heç kimi vurmazmış. Həsənovun müalicə müddətində də kiminləsə münaqişə yaşaması barədə ona məlumat verilməyib.

“Oğlumu aqressiv xəstə ilə bir palatada saxlayıblar və onlara nəzarət olunmadığından bu hadisə baş verib. Xəstəxana işçiləri səhlənkarlığa görə cəzalandırılmalıdır”, - vəfat edən Elvinin anası belə düşünür. 

İstintaq dövründə xəstəxana işçiləri ilə bağlı səhlənkarlıq və cinayət barəsində xəbər verməmə ittihamları ilə cinayət işi başladılması tələb olunub. Lakin istintaq orqanı işçilərin əməllərində cinayət tərkibi olmadığı qənaətinə gəlib. Onlara qarşı cinayət təqibinin başlanması rədd edilib.

Xəstələrə məsul olan tibb bacılarından biri məhkəmədə deyib ki, şöbədə 70-80 nəfər xəstə müalicə alır və onlar xəstələrin dərmanları vaxtında qəbul etməsinə, xəstələrə qulluq edilməsinə nəzarət edirlər: “Emil və Elvini həmişə nəzarətdə saxlasaq da, ətrafa zərər verirdilər. Aqressiv olduqları üçün nəzarət otağına yerləşdirmişdik. Ədalət həkimin müəyyən etdiyi qrafikə uyğun olaraq, Elvinə və Emilə iynə vurulmuşdu. Ayın 3-ü mən evdə olanda gecə zəng gəldi ki, Emil Elvinə xəsarət yetirib. Digər xəstələrə də hücum çəkmək istədikləri üçün nəzarət otağına yerləşdirilmişdilər”.

“Mən axşam evdə olarkən bildirdilər ki, Emil Elvini vurub. Palatanın kamerasına baxdıqda hadisənin necə baş verdiyini gördüm. Emil Elvindən yorğan istəyir. Elvin yorğanı vermədiyi üçün Emil ona yumruq və təpiklə xəsarətlər yetirir”, - xəstəxanasının şöbə müdiri Ədalət həkim məhkəmədə bu fikirləri səsləndirib. O, iki aqressiv xəstənin nəyə görə eyni otaqda yerləşdirilməsi məsələsinə isə “imkanlar məhdud olduğu üçün hər xəstəni ayrı otaqda yerləşdirmək mümkün deyildi” cavabını verib.