Polis zabiti toyda məhkəmə katibini döydü

 10:39 06.06.2022     528

İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmri Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

***

Polis zabiti ilə məhkəmə katibi arasında baş vermiş dava-dalaşın təfərrüatı məlum olub. Hadisə rayonun Qaraqocalı kənd sakini olan və bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış şəxsə görə baş verib.

Belə ki, rayon məhkəməsində katib vəzifəsində çalışan Yaşar Cəbiyevin qonşusu olan həmin şəxs saxlanıldıqdan sonra Y.Cəbiyev tanışı, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimovdan onun məsələsinin müsbət həll edilməsini xahiş edib.

Lakin bir neçə gün keçməsinə baxmayaraq saxlanılan şəxslə bağlı bir yeniliyin olmadığını görən Y.Cəbiyev iyunun 4-də V.Kərimovla bir yerdə iştirak etdiyi toyda ona bu məsələyə görə irad bildirib. Nəticədə tərəflər arasında mübahisə başlayıb və dava-dalaş düşüb.