Özünü "Azərsu"yun işçisi kimi təqdim edən şəxs PEYDA OLUB - FOTO

 15:21 13.06.2022     1654

Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

“Azərsu” ASC-dən Redaktor.az-a bildirilib ki, özünü Vüsal kimi təqdim edən həmin şəxs Nəsibə Zeynalova küçəsi 1, ünvanında yaşayan abonentdən debitor borcun ləğv edilməsi və su sayğacının dəyişdirilməsi müqabilində pul tələb edib. Həmin şəxs abonentə bildirib ki, 80 manat ödəniləcəyi təqdirdə su sayğacı yenisi ilə əvəz olunacaq və borcu tamamilə sıfırlanacaq.

Abonent bununla əlaqədar Abşeron Sukanal İdarəsinə müraciət edib, Vüsal adlı şəxsin görüntülərini təqdim edib. Abşeron Sukanal İdarəsi tərəfindən faktla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, belə hallarla qarşılaşdıqda, ilk növbədə, həmin şəxslərdən vəsiqə tələb etsinlər, heç bir halda onlara nağd pul ödəməsinlər. Vətəndaşlara bununla bağlı dərhal 955 Zəng Mərkəzinə məlumat verilməsi tövsiyə olunur. İstehlakçıların diqqətinə çatdırılır ki, əhali abonentləri üçün sayğaclar dövlət vəsaiti hesabına quraşdırılır və işlək vəziyyətdə olmadıqda yenisi ilə əvəz edilir. Sayğacın dəyişdirilməsi isə debitor borcun silinməsinə və ya azaldılmasına heç bir təsir etmir.

Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.